Google reklamdan ZƏNG funksiyası tarixə qovuşur!
Google Ads-də sırf telefon zəngi toplamaq üçün qurulan reklam formatının köhnə formada davam etməməsi bir çox biznesi narahat edib. Çünki bəzi sahələr var idi ki, sayt onlar üçün ikinci planda idi. Əsas məsələ telefonun səslənməsi idi. Xidmət sektoru, təmir ustaları, klinikalar, hüquq xidmətləri – müştəri düşünmür, zəng edir. Bu model illərlə işləyib.Hüseyn Süleyman deyir ki, problem formatın dəyişməsi deyil, bizneslərin bir kanaldan asılı qalmasıdır. Onun fikrincə, bir reklam növünə həddindən artıq güvənmək həmişə riskli olub. İndi sadəcə o risk üzə çıxır.Əvvəllər “call-only” reklam açırdın, adam axtarış edirdi, qarşısına nömrə çıxırdı və birbaşa zəng edirdi. Sayta girmirdi, əlavə addım yox idi. Sadə mexanizm idi. Amma indi Google daha çox avtomatlaşdırılmış, daha çox sistem üzərindən ölçülən modelə keçir. Bu da o deməkdir ki, sən artıq təkcə zəngi yox, zəngin keyfiyyətini ölçməlisən.Hüseyn Süleyman qeyd edir ki, indiki mərhələdə əsas məsələ zəng sayını qorumaq yox, satışa çevrilən zəngləri artırmaqdır. Çünki real problem həmişə bu olub. Çox zəng gəlirdi, amma neçə faizi real müştəri idi? Əgər sistem qurulmayıbsa, bunu heç vaxt dəqiq bilmirdin.İndi nə etmək lazımdır? Birincisi, axtarış kampaniyaları daha düzgün qurulmalıdır. Zəng uzantıları aktiv olmalıdır. Mobil prioritet olmalıdır. Çünki zəng edən istifadəçilərin böyük hissəsi mobil cihazdadır. Səhifə yavaş açılırsa, düymə aydın deyilsə, istifadəçi itir.Hüseyn Süleyman deyir ki, açılış səhifəsi artıq formal şey deyil. Orada konkret təklif, konkret üstünlük və bir kliklə zəng imkanı olmalıdır. İnsan qərar mərhələsindədirsə, onu əlavə 3 səhifə gəzdirmək olmaz.İkinci vacib məsələ conversion izləmədir. Əgər zəng gəlirsə, onun hansı açar sözlə gəldiyini bilməlisən. Hansı kampaniya real satış gətirir, hansısı sadəcə büdcə yeyir – bunu görməlisən. Əks halda optimizasiya mümkün deyil. Hüseyn Süleymanın fikrincə, bir çox hesabda əsas problem reklam yox, ölçmə sisteminin olmamasıdır.Üçüncü məqam smart bidding-dir. Google artıq manual idarəetməni arxa plana keçirir. Sistemə düzgün data versən, özü optimizasiya edir. Amma data səhvdirsə, nəticə də səhv olacaq. Ona görə əvvəlcə ölç, sonra avtomatlaşdır.Bu dəyişiklik əslində bir filtr rolunu oynayır. Zəng çoxluğu ilə özünü aldadan bizneslər üçün reallıq başlayır. Hüseyn Süleyman deyir ki, indi bazarda qalacaq olanlar sistemi olanlardır. Tək reklama pul atmaqla iş bitmir.Bir də psixoloji tərəfi var. Sahibkar düşünür ki, format gedirsə, müştəri də gedəcək. Halbuki müştəri yenə axtarır, yenə ehtiyac var. Sadəcə sən onun qarşısına necə çıxacağını dəyişməlisən.Əgər əvvəllər reklamın məqsədi “telefon çalsın” idisə, indi məqsəd “satış olsun” olmalıdır. Bu ikisi eyni şey deyil. Zəng vasitədir, nəticə deyil.Hüseyn Süleymanın yanaşmasına görə, indiki mərhələ reklam hesabını yenidən qurmaq üçün yaxşı fürsətdir. Lazımsız kampaniyaları bağlamaq, açar sözləri təmizləmək, büdcəni effektiv bölmək, real işləyən istiqamətlərə fokuslanmaq vaxtıdır.Qısası, oyun dəyişir. Amma bazar dəyişmir. İnsanlar yenə axtaracaq, yenə zəng edəcək. Sadəcə indi daha sistemli işləyən qazanacaq. Burda məsələ qorxmaq yox, uyğunlaşmaqdır. Uyğunlaşan isə həmişə üstün olur.
